Dünya Bankı-nın Moldova Respublikasında həyata keçirdiyi “Torpaqların Qeydiyyatı və Əmlakın Qiymətləndirilməsi Layihəsi” çərçivəsində “Texniki-Tikinti İnfrastruktur Obyektlərinin Dövlət Reyestri (ROİTE)” informasiya sisteminin təchizatı və quraşdırılması üzrə beynəlxalq tenderin qalibi DATUM MMC olmuşdur.
Moldova Dövlət Xidmətləri Agentliyi ilə imzalanmış müqaviləyə əsasən, artıq layihənin texniki tapşırıqları üzrə işlərin icrasına başlanılmışdır.
ROİTE avtomatlaşdırılmış informasiya sistemi ölkənin Milli Coğrafi İnformasiya Sisteminin tərkib hissəsi kimi formalaşdırılacaq və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərəcək. Sistem texniki və kommunal infrastruktur obyektləri, onların struktur elementləri, mülkiyyət və digər hüquqlar, mühafizə zonaları və həmin zonalara tətbiq olunan məhdudiyyətlər barədə məlumatların vahid platformada toplanmasını, emalını, sistemləşdirilməsini və istifadəsini təmin edəcək.
Layihə çərçivəsində yollar, dəmir yolları, aerodrom və liman infrastrukturu, elektrik və qaz şəbəkələri, su və kanalizasiya sistemləri, istilik və işıqlandırma xətləri, rabitə infrastrukturu, boru kəmərləri və digər mühüm obyektlər üzrə məlumatların inteqrasiyası həyata keçiriləcək.
Sistemin tətbiqindən sonra tikinti və bərpa-quraşdırma işlərinə başlamazdan əvvəl müvafiq ərazidə mövcud olan kommunal infrastruktur barədə ROİTE üzərindən rəsmi məlumatın əldə edilməsi məcburi olacaq. Bu yanaşma mövcud infrastruktura zərərin qarşısının alınmasına, əlavə maliyyə xərclərinin azaldılmasına və xidmətlərin dayanıqlılığının artırılmasına xidmət edir.
Qeyd edək ki, bu tip reyestr və kadastr sistemləri bir çox inkişaf etmiş ölkələrdə artıq geniş tətbiq olunur və rəqəmsal idarəetmənin əsas elementlərindən biri hesab edilir. ROİTE layihəsi də Moldova Respublikasında infrastrukturun daha effektiv və şəffaf idarə olunmasına mühüm töhfə verəcəkdir.